DSC_0260-01 (1)

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 1-ci kurslar arasında intellektual yarış keçirilmişdir. Yarış iki turdan ibarət olmaqla, ilk turda 15 sual, ikinci turda isə 8 sual səsləndirilmişdir. Yekun nəticəyə əsasən Tarix-filologiya fakültəsi 1-ci, Memarlıq-mühəndislik fakültəsi 2-ci, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi 3-cü olmuşdur. Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan ibarətdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının dəstəyi ilə 18 oktyabr Müstəqillik günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi günü münasibətilə Qazi Universiteti incəsənət kafedrasının müdiri, prof. Alev Çakmaoğlu Kurunun rəhbərliyi altında 16 əməkdaşı ADMİU-nun qonağı olub. Şəhidlər xiyabanı və Fəxri Xiyabana ziyarət təşkil olunub.

Bakı Humanitar kollecinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Natiqlik,təqdimat və çıxış bacarıqları ” adlı təlim baş tutmuşdur.

Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “Biologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirılib. Konfransda AMEA-nın Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov, AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktor müavini, fizika-riyaziyyat üzrə elmlər doktoru Əhməd Hacıyev və ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin alimləri iştirak etdilər. “İnsan və heyvan fiziologiyası.Bitki fiziologiyası”, “Biokimya, Biofizika. Molekulyar biologiya. Genetika”, “Zoologiya. Ekologiya. Torpaqşünaslıq”, “Botanika. Mikrobiologiya. Mikologiya”, “Biologiyanın tədrisi metodikası” mövzusunda bölmə iclasları ilə davam etdirdi. Məruzələr dinlənildi, müzakirələr aparıldı.

Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetə qəbul olan birinci kurs tələbələrini Gəncə şəhərinin görməli yerləri ilə yaxından tanış etmək,onlara şəhərin tarixi, görkəmli şəxşlər barədə geniş məlumat vermək məqsədilə ekskursiyalar bu həftə də davam edib. Tələbələr Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını, Nizami Gəncəvi məqbərəsi və muzeyini, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyini ziyarət ediblər. Tələbələr təşkil olunan ekskursiyanı yüksək qiymətləndirərək bu kimi tədbirlərin davam etdirilməsinin maraqlı və vacib olduğunu qeyd ediblər.

ADPU-nun Şamaxı filialında Tələbə Gənclər Təşkilatının Kitab Klubunun açılışı oldu. Açılış tədbirində Kitab Klubunun sədri Hacıyeva Leyla çıxış edərək klub haqda geniş məlumat verdi. Həmçinin dərs ili boyu klubun təşkil edəcəyi maraqlı və hədiyyəli yarışlar haqqında danışdı.

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə magistraturaya qəbul olmaq istəyən gənclər üçün “Hamımız magistr olaq” layihəsinin icrasına başlanılıb. Qeyd edilib ki, universitet tələbələrinin böyük maraqla qoşulduğu ödənişsiz hazırlıq kursunda iştirak edən tələbələrin sayı 70 nəfərdir. Hazırlıq kursunda tələbələr məntiq, informatika və xarici dil fənlərindən tədris olunan dəsrləri maraqla dinləyir və ciddi hazırlaşırlar.
Həmçinin, TGT-nin təşkilatçılığı ilə intellektual fərdi yarış da keçirilib. Fərdi sual-cavab formasında keçən yarışda universitetin filologiya, biologiya-kimya, iqtisadiyyat və idarəetmə fakültələrinin tələbələri iştirak edib. İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri : Ayşad Həsrətov I yerə,İslam Məhərrrəmov II yerə və Billurə Balamedova isə III yerə sahib olublar.

“Naxçıvan” Universiteti Tələbə Gənclər Təşkilatı daxilində fəaliyyət göstərən “Debat Klubu”nun toplantısı keçirilmişdir. “Müasir dünyamızın təhsil problemləri” mövzusunda keçirilən debatda hər iştirakçı bir ölkəni təmsil etmişdir. İdarə olunan vaxtda təmsilçilərin mövzu barəsində fikirləri dinlənilmiş, koalisiyalar qurulmuşdur. Qurulan koalisiyalar fəaliyyətini saxlamaq üçün mövzu ətrafında idarə olunmayan vaxt zamanı müzakirələr aparmış, təkliflər irəli sürmüşlər.