DSC_0076

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 4-cü  “Mənim ilk qrantım” müsabiqəsinin qalibi olan “Müasir Azərbaycanda Gənclərin Sosial Psixoloji Mənzərəsi” layihəsinin ilkin mərhələsi keçirilib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedoqoji Universitetində tədbirlər keçirilib. Keçirilən tədbirlərdə ATGTİ-nin nümayəndələri Faiq Məmmədov, Hüseyn Babayev, Ləman Cavadova, Fəridə İbrahimova universitetlərin Tələbə Gənclər Təşkilatlarının sədrləri, həmçinin ekspertlər – sosioloq Hüseyn İbrahimov və AMEA-nın Fəlsəfə İnstitutunun nümayəndəsi Sevil Əliyeva iştirak edib.

Layihə müddətində tələbələrə sorğular paylanıb və onların bu sorğuda iştirakının gənclərin sosial-psixoloji vəziyyətinin öyrənilməsi üçün vacibliyi vurğulanıb.

Sevil Əliyeva ümumilikdə Azərbaycan gənclərinin həm sosial, həm də psixoloji problemlərinə toxunaraq bu problemlərin həlli istiqamətində təkliflərini verib. Həmçinin, layihənin hansı mərhələlərdən ibarət olması və sonda bu sorğular əsasında kitab yazılacağı haqqında tələbələri məlumatlandırıb. Daha sonra sosioloq Hüseyn Məmmədov gənclərin sosial-psixoloji vəziyyətini öyrənmək üçün onlara bəzi suallar ünvanlayıb və sosiallaşma prosesi haqqında danışıb. Sonda tələbələr onları maraqlandıran sualları ekspertlərə ünvanlayıb.

Layihənin həyata keçirilməsinin əsas məqsədi Azərbaycanda yetişən gəncliyin sosial psixoloji durumunu öyrənmək, bu istiqamətdə dövlət siyasətini onlara maarifləndirmə yolu ilə çatdırmaq, milli və beynəlxalq qanunvericilikdə olan maddələr haqqında məlumatlandırmaqdan ibarətdir.

Bildirək ki, layihə Bakı şəhərində keçirilib və 4 regionda keçirilməsi planlaşdırılır. Sorğuların nəticələri əsasında müasir Azərbaycan gənclərinin sosial psixoloji mənzərəsi araşdırılacaq.