Cümhuriyyət dəyərimizdir! adlı intellektual yarış keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə tələbələr arasında İntellektual yarış keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş intellektual yarış “Cümhuriyyət dəyərimizdir!” adı altından İntellekt evində keçirilib. Yarışdan öncə çıxış edən ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev yarışın əhəmiyyətindən və ittifaq tərəfindən daimi olaraq bu kimi müxtəlif yarışların keçirilməsindən bəhs edib. Yarışda ümumilikdə 40-a yaxın tələbə komandalar şəklində mübarizə aparıb.

Yarışın yekununda daha çox suala cavab verən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) komandası qalib olub. 2 və 3-cü yerlərdə isə müvafiq olaraq Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) komandası qərarlaşıb.