Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yarışlar keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiAzərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş idman yarışları keçirilib.

28 fevral tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (AzDBTİA) akademiyanın Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şahmat turniri” keçirilib.

Tələbələrin iştirakı ilə keçirilən turnirdən öncə AzDBTİA-nın elmi katibi Bəxtiyar Rüstəmov giriş sözü ilə başlayıb. Daha sonra çıxış edən ATGTİ-nin departament rəhbəri Ramiz Məhərrəmov isə tədbir haqqında ətraflı məlumat verib. Çıxışçılar ölkədə şahmata göstərilən diqqət və qayğıdan bəhs edib. Daha sonra yarışın gedişatı haqqında məlumat verib.

Baş tutan turnirdə I yerin qalibi Milli Aviasiya Akademiyasının tələbəsi Orucov Şücaət, II yerin qalibi Azərbaycan Respublikasının Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Məmmədov Əli, III yerin qalibi Bakı Ali Neft Məktəbinin tələbəsi Zahidli Nizam olub. Yarışın qalibləri diplomlarla mükafatlandırılıb.

 

1 mart tarixində Azərbaycan Texniki Universitetin Tələbə Gənclər Təşkilatının (AzTU) təşkilatçılığı ilə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “Stolüstü tennis turniri” keçirilib.

Universitet tələbələrinin iştirak etdiyi turnirdə çıxış edən ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev tədbir haqqında danışıb. H.Babayev yarış barədə məlumatlandırıb və onlara qaydaları izah edib.

Baş tutan turnirdə I yerin qalibi Azərbaycan Tibb Universitetinin tələbəsi Şəmsi Axundov, II yerin qalibi Azərbaycan Tibb Universitetinin tələbəsi Hossein Shapouran, III yerin qalibi isə Azərbaycan Texniki Universitetinin tələbəsi Kənan İsmayılov olub. Yarışın qalibləri diplomlarla mükafatlandırılıb.