V Yay Təcrübə Proqramı_nın təltifetmə mərasimi keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının (AYNHA) birgə təşkilatçılığı ilə cari ilin yay dövrü ərzində tələbələr üçün keçirilən “V Yay Təcrübə Proqramı”nın təltifetmə mərasimi keçirilib.

Mərasimdə AYNHA İctimai Birliyinin sədri Zaur Niftəliyev, ATGTİ daxili işlər üzrə icraçı direktoru Nurxan Babayev, bir sıra hüquqşünas və vəkillər, həmçinin tələbələrin təcrübə keçdiyi dövlət və özəl təşkilatların nümayəndələri iştirak edib.
Layihə barədə məlumat verənlər 2017-ci ilin yay dövrü ərzində keçirilən “V Yay Təcrübə Proqramı” çərçivəsində ümumilikdə 81 tələbənin dövlət və özəl təşkilatların hüquq şöbələrində, həmçinin, hüquq şirkətlərində təcrübə keçdiyini vurğulayıblar. Tələbələr öz bilik və savadlarını, həmçinin, praktiki biliklərini artırmaq üçün “Azərkosmos” ASC, Veysəloğlu Holdinq, Əmanətlərin Sığortalanması Fondu, “AzərSu” ASC, Azərbaycan Dövlət Neft Fondu və bir sıra qurumlarda, həmçinin Bakı şəhərində yerləşən məhkəmələrdə təcrübə keçiblər.

Qeyd edək ki, bu proqram zamanı təcrübə keçən tələbələrdən 12 nəfəri təcrübə keçdikləri müəssisə tərəfindən iş təklifi alıb və onlardan 6 nəfəri hazırda əmək fəaliyyətinə başlayıb. Digər 6 nəfər isə ali təhsilini davam etdirdikləri üçün bu imkandan müvəqqəti olaraq faydalana bilməyiblər.

FOTOLAR