Qəbul imtahanlarında 700 bal toplayan gənclərlə görüş keçirilib

ATGTİ-də 2017-ci il qəbul imtahanlarında 700 bal toplayan gənclərlə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov və Milli Məclisin deputatı Vüsal Hüseynov iştirak edib.

ATGTİ-nin ofisində keçirilən görüşdə deputat Ş.İsmayılov bildirib ki, ən yüksək bal toplayan bu nümunəvi tələbələr eyni zamanda ali təhsil müəssisələrində oxuyarkən nəticələrini qoruyub saxlamalıdırlar: “Bu böyük nailiyyətdir və bunlar hazırda məktəbdə oxuyan və ali təhsil həyatına hazırlaşan abituriyentlər üçün böyük stimuldur”.

Daha sonra Milli Məclisin deputatı Vüsal Hüseynov gəncləri təbrik edib və qeyd edib ki, Azərbaycanın gələcəyini təmin etmək üçün gənclərimiz üçün kifayət qədər şərait yaradılıb: “Təhsil hər bir şəxs üçün çox vacib amildir. Qarşınızdakı növbəti dönəmləri çox yüksək dəyərləndirin.”

Sonda ATGTİ-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən Azərbaycan Tələbə Kartı və ATGTİ-nin fəaliyyətini əks etdirən hədiyyələr toplusu 700 bal toplayan gənclərə təqdim olundu.