Gülverdiyev Şəmsi Mövsüməli oğlu

Gənc nəslin müxtəlif istiqamətlərdə tərbiyə olunmasında dövlətin hərəkətə keçməsinə qədər cəmiyyətin hazır olmalı olduğu məqamlar var. Bəzi məsələlər var ki, onların həlli yalnız maliyyə vəsaiti deyil, eyni zamanda uyğun şərait tələb edir.

Gənclərlə iş sahəsində digər sahələrə nisbətən daha çox həssaslıq mövcuddur. Gənclər üçün hər-hansı istiqamətdə atılan addım gələcək üçün həmin sahədə ediləcək sıçrayış deməkdir. Burada ikitərəfli məsuliyyət var: cəmiyyət və gənclər. Bildiyimiz kimi, gənclər cəmiyyətin bir parçası, hərəkətverici qüvvəsidir. Digər tərəfdən cəmiyyət yalnız gənclərdən ibarət deyil. Cəmiyyəti təşkil edən digər qruplara daxil olan insanlar gərək gənclərlə münasibətdə hesablanmış, uyğun işlər həyata keçirsinlər. Xüsusilə, nisbətən yaşlı nəslin nümayəndələrinin gənclərə olan münasibəti bir növ onlara verilən məsləhət, örnək xərəkterlidir. Uilyam Şekspir demişdir: “Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur”. Qeyd etmək istərdim ki, gənclərə məsləhət verən, tərbiyələndirən yalnız yaşlı nəsil deyil. Dövlətin də bu işdə böyük və məsuliyyətli payı vardır. Dövlətin bu işi görməkdə özünəməxsus fəaliyyət istiqaməti var ki, bu da, qanunlar, layihələr və dövlət proqramlarının həyata keçirilməsidir.

Respublikamızda gənclərlə iş artıq bir Azərbaycan modeli kimi formalaşıb və bu təcrübə bir çox ölkələrdə örnək olaraq göstərilir. Hər-hansı bir işin nə qədər uğurlu olması onun təməlinin necə qoyulmasından və ona nə dərəcədə prioritet sahə kimi yanaşılmasından asılıdır. Azərbaycanda gənclərlə işin təməli hələ 90-cı illərin əvvəllərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev gənclərə böyük qiymət verirdi. Gənclərə etibar edən ulu öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Yuxarıda bildirdiyim – gəncləri istiqamətləndirmək və tərbiyələndirmək fikrinə qayıdaraq dahi liderimizin gənclərimizə ünvanladığı nitqindən bir parçanı xatırlatmaq istərdim: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu nəsihət gənclərimizə, gələcəyimizə göstərilmiş həyat və fəaliyyət istiqamətidir.

2003-cü ildən sonra isə Azərbaycanda gənclərə qayğı daha da şaxələnərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – deyən cənab Prezident İlham Əliyev qərarları ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. Buna misal olaraq qəbul olunmuş dövlət proqramlarını göstərmək istərdim. “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramları qəbul olunmuşdur. Bu proqramlarda gənclərlə bağlı bir çox suallara cavab tapmaq olar. Azərbaycan dövləti gənc nəslin qarşısında hansı vəzifələri qoyur?! Yaxın gələcəkdə Azərbaycan gəncləri hansı məqsədlərə çatmalıdır?! Azərbaycan gənclərinin önündə duran təməl çağırışlar nədən ibarətdir?! və s. Sözügedən proqramlarda Azərbaycan gənclərinin intellektual, yaradıcı, fiziki, hərbi-vətənpərvərlik tərbiyəsi məsələlərinə böyük əhəmiyyət verilmişdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Təhsilə maksimum diqqət yetirməklə yanaşı, proqramda böyüməkdə olan nəslin mənəvi-əxlaqi dəyərlərinin tərbiyə edilməsi məsələsinə də yer ayrılmışdır”. Dünyəvi proseslərin qloballaşması fonunda, kiçilən dünyada, milli xüsusiyyətlərin assimilyasiyaya uğraması təhlükəsi olan bir vaxtda bu məsələ çox mühüm aspektdir. Mənəvi-əxlaqi tərbiyənin yüksək səviyyədə olması cəmiyyətə şəxsiyyətli vətəndaşlar yetişdirməklə yanaşı, gələcəyin sağlam toxumlarını atmağa şərait yaradır. Fikrimi “Füyuzat” jurnalından olan bir ifadə ilə bitirmək istəyirəm: “Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik, uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanıdır”.