Şahin İsmayilov: “Qış sessiyasında bütün tələbələrə müvəffəqiyyətlər arzulayıram!”

Bildiyimiz kimi, 2015-2016-cı tədris ilinin I yarısı artıq sona çatır, ali və orta ixtisas təhsili müəssisələrində tələbələr I semestrin yekun imtahanlarına hazırlaşırlar. Eyni zamanda təhsil müəssisələrində fəaliyyət gösətərən Tələbə Gənclər Təşkilatları son sessiya hazırlıqlarını görüblər. İnanıram ki, tələbələrimiz ictimati fəaliyyətdə fəal olduqları kimi akademik göstəricilərində də uğurlar əldə edəcəklər.

Ümumilikdə, 2015-ci il tələbələrimiz üçün uğurlu il oldu. Respublikamızın böyük beynəlxalq yarışlara və müsabiqələrə ev sahibliyi etməsi tələbələrimizin yüksək səviyyədə təcrübə qazanmasına, xarici dil biliklərinin inkişaf etdirilməsinə, beynəlxalq idarəçilik sistemi barəsində yeni bilik və vərdişlər qazanmasına, eləcə də, asudə vaxtlarının səmərəli təşkilinə əvəzsiz şərait yaratmış oldu. Buna misal olaraq, Bakı 2015 Birinci Avropa Oyunlarını xatırlatmaq istərdim. Bildiyimiz kimi, Avropa Oyunlarına 18.000-ə yaxın könüllü cəlb edilmişdi və onların əksəriyyəti tələbə-gənclər idi. Ölkəmizdə ilk dəfə idi ki, bu qədər sayda könüllü bir məqsəd, bir amal üçün var gücünü ortaya qoymuşdu. Nəticədə Azərbaycan dünyaya bir ilk bəxş etdi. Mən xüsusilə bəzi məqamları qeyd etmək istərdim. Oyunlardan sonra könüllülər “Könüllülük pasportu” ilə təmin olunmuşlar. Tələbələrimiz üçün ən əsas mükafat isə cənab Prezident İlham Əliyev və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbəri, birinci xanım Mehriban Əliyevanın imzası ilə “Təşəkkürnamə”lər olmuşdur. Qeyd edim ki, indiyə qədər çox ölkələrdə olimpiya oyunları, müxtəlif qitə yarışaları keçirilmişdir amma heçbir ölkə prezidenti tərəfindən könüllülərə bu cür diqqət ayrılmamışdır.

Təhsil sahəsində bir sıra yeniliklər olmuşdur. Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında artıq ödənişli əsaslarla təhsil alan tələbələrimiz də təqaüd alma imkanı əldə etdilər. Hesab edirəm ki, bu addım tələbələrin elmə, təhsilə həvəsləndirilməsində çox mühüm addımdır.

Düşünürəm ki, tələbələrə belə bir şəraitin yaradılması dövlətimizin onlara nə qədər etimad və etibar etdiyinin, verdiyi dəyərin göstəricisidir. Yuxarıda qeyd etdiyim məqamlar 2015-ci ilin tələbələr üçün çox uğurlu keçdiyinin isbatıdır. İnanıram ki, tələbələrimiz bu il ərzində qazandıqları uğurların davamı olaraq qarşıdan gələn sessiya imtahanlarında müsbət nəticələr əldə edəcəklər.

Mən bütün Azərbaycan xalqını, o cümlədən tələbələrimizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edirəm! Tələbələrimizə imtahanlarda müvəffəqiyyətlər arzulayıram.