Şahin İsmayilov: “Qış sessiyasında bütün tələbələrə müvəffəqiyyətlər arzulayıram!”

Azərbaycanda mövcud olan tolerantlıq bir çox ölkələrə nümunə kimi göstərilməkdədir. Bu faktı əcnəbi vətəndaşlarla yanaşı, beynəlxalq təşkilatlar da təsdiqləyir. Belə bir mühitin və cəmiyyətin qarantı, əlbəttə ki, Azərbaycan dövləti və Azərbaycan Prezidentidir. Ölkəmizdə dilindən, dinindən, irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqları təmin edilir.

Ş.İsmayılov təəssüf hissi ilə vurğulayıb ki, din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələrin sifarişi ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa və qarşıdurma yaratmağa cəhd göstərən radikal ekstremist qüvvələr ölkəmizdəki demokratik mühitdən sui-istifadə etmək istəyirlər. Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir. Xalqın iradəsi ilə Konstitusiyamızda təsbit edilmiş bu prinsiplər respublikamızın demokratik və sivil dünyanın tərkib hissəsi olmasını şərtləndirən əsas amillərdir. Məhz buna görə də ölkəmizdə hər bir məsələ qanun çərçivəsində tənzimlənir. Bütün bu nüansları nəzərə alaraq demək istəyirəm ki, özünü “Müsəlman birliyi” adlandıran hərəkatın və onlara havadarlıq edən destruktiv elementlərin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da qətiyyətlə davam etdirilməlidir.

“Azərbaycanı zəiflətməyə çalışan, müəyyən xarici dairələrlə əlbir olan ünsürlər qanunları kobud şəkildə pozaraq bəzi Şərq ölkələrində baş verən qanlı ssenariləri burada da təkrarlamaq istəyirlər. Belə bir təhlükəli məqamda təbii olaraq, Azərbaycan dövləti bu xoşagəlməz hadisəyə reaksiya verməli və ölkənin hər yerində olduğu kimi, Nardaran qəsəbəsində də sabitliyi, o cümlədən əhalinin təhlükəsizliyini təmin etməlidir” – deyə Ş.İsmayılov vurğulayıb.

Həmsöhbətimiz qeyd edib ki, hüquq mühafizə orqanlarının sayıqlığı və peşəkarlığı sayəsində ekstremist dəstənin riyakar planlarının qarşısı qətiyyətlə alınıb. Bu əməliyyat asayiş keşikçilərinin həyatı bahasına başa gəlib. Radikal ekstremistlər polisə silahlı müqavimət göstərib, iki polis əməkdaşını qətlə yetiriblər. Bütün bunlar ictimaiyyətin haqlı hiddət və etirazına səbəb olub.

Ş.İsmayılov daha sonra deyib: “Azərbaycan xalqı İslami dəyərlərə həmişə hörmətlə yanaşır. Bu gün dövlətimiz vicdan azadlığının qarantı kimi çıxış edir, dindarlara öz ibadətlərini sərbəst şəkildə həyata keçirməyə şərait yaradır. Ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşıb və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müqəddəs Qurban və Ramazan bayramları münasibətilə xalqımızı təbrik etməsi, dini mərasimlərdə iştirakı, məscidlərin bərpasına vəsait ayrılması mənəvi dəyərlərimizin qorunmasına qayğının əyani təcəssümüdür. Belə bir şəraitdə din pərdəsi altında təxribatlar törətmək nə qanunlara, nə də məntiqə sığışmır”.

Milli Məclisin deputatı əminliklə bildirib ki, dövlətimiz kifayət qədər güclüdür və heç bir qüvvənin ölkədəki sabitliyi pozmasına, məkrli niyyətlərin baş tutmasına imkan verməyəcək. Buna cəhd edənlər isə layiqli cəzalarını alacaq, hüquq mühafizə orqanları Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkə vətəndaşlarını azğınlaşmış ekstremistlərin təhdidindən qorumaq üçün zəruri tədbirləri davam etdirəcəklər.

Bu gün Azərbaycanda dövlətçiliyimizə sadiq, Prezident İlham Əliyevin xalqımızın maraqlarına xidmət edən siyasətini dəstəkləyən böyük gənclər ordusu var. Xarici ölkələrdə lobbiçiliklə məşğul olan, elm sahəsində çalışan, ordu sıralarında xidmət edən, eləcə də hüquq mühafizə orqanlarında fədakarcasına fəaliyyət göstərən gənclərimiz müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda əzmlə çalışırlar.