İlkin Mustafayev “Gənclər Proqramının icrası nəticəsində Azərbaycan Tələbə Kartının ərsəyə gəlməsini xüsusilə qeyd etmək olar”

“Bu gün ölkəmizdə dövlət siyasətinin əsas tərkib hissələrindən birini gənclərlə iş təşkil edir. Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının qanunu və müxtəlif illərdə qəbul olunmuş Azərbaycan gəncliyi haqqında dövlət proqramları, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib”.

Bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev prezident İlham Əliyevin sentyabrın 15-də imzaladığı sərəncamla təsdiq olunan “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramıyla bağlı fikirlərini bildirərkən deyib.

İ.Mustafayev qeyd edib ki, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə təsdiq olunan bu proqram dövlətin gənclər siyasətinin nə qədər geniş spektrli olmasının bariz nümunəsidir: “Proqramın əsas məqsədi gənclərin hərtərəfli inkişafı üçün şərait formalaşdırmaq, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin ideya və təşəbbüslərini dəstəkləmək, gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətini inkişaf etdirməkdir. Bundan başqa, qəbul olunan proqram gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoq proqramlarında iştirakının dəstəklənməsinə, gənclər və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının daha da stimullaşdırmasına imkan verəcək”.

Mətbuat katibi qeyd edib ki, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarından biri də Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır: “İttifaq 2009-cu ildə təsis edilib və yarandığı gündən respublikada fəaliyyət göstərən 100-ə yaxın ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarını özündə birləşdirir. İttifaqımızın məqsədi təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Ötən proqramların icrası nəticəsində biz Azərbaycan tələbələrinin sosial rifahının yaxşılaşdırılması üçün Azərbaycan Tələbə Kartınının ərsəyə gəlməsini qeyd edə bilərik. Azərbaycan Tələbə Kartı Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Avropa Gənclər Kartının birgə təşkilatçılığı ilə həyata keçirilən layihədir. Bu kart öz sahibinə respublikanın 200-dən çox, Avropanın 80 minə yaxın məkanlarında müxtəlif endirimlər təklif edir. Həmçinin, Azərbaycan Tələbə Kartı vasitəsilə tələbələr tezliklə nəqliyyat vasitələrindən də güzəştli istifadə etmə şansı əldə edə biləcəklər.

Hazırda, bu istiqamətdə bir sıra dövlət qurumları və nəqliyyat şirkətləri ilə danışıqlar gedir. Danışıqların nəticəsinin müsbət olacağına inanırıq”.

İ.Mustafayev qeyd edib ki, ittifaq yarandığı vaxtdan etibarən dövlətin gənclər siyasətində yaxından iştirak edib və hər zaman Azərbaycan gəncliyinin inkişafına dəstək olub: “Ötən dövlət proqramları kimi yeni qəbul olunmuş “Azərbaycan Gəncliyi 2017-2021- ci illərdə” Dövlət Proqramı çərçivəsində də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı üzərinə düşən vəzifələrin layiqincə öhdəsindən gəlməyə çalışacaq”.