Kamil Yaqubov: “Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün dövlət tərəfindən lazımi şərait yaradılır”

Hər bir ölkənin ictimai-siyasi, elmi-mədəni-humantiar, sosial-iqtisadi həyatında gənclər mühüm rola malik olub, potensial qüvvə kimi önəmli yer tutur. İstər dövlətçiliyin, istərsə də müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Azərbaycanda gənclər siyasəti, gənclərə dövlət qayğısı, gənclərin inkişafı, gənclərin sağlam həyat tərzinin təşkili hər zaman dövlətin diqqət mərkəzində olub. Bu baxımdan ölkəmizdə gənclərlə iş sektorunda görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, həmçinin onların cəmiyyətdə özlərini təsdiq etməsində başlıca rol oynayır.

Hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçirdi. Demək olar ki, 1991-1992-ci illərdə ölkəmizdə baş vermiş özbaşınalıq, anarxiya, xaos, vətəndaş qarşıdurması müstəqilliyimizə böyük zərbə idi. Azərbaycanda hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini aydın şəkildə tapmışdı. Buna baxmayaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı. Bildiyimiz kimi respublikamızda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Azərbaycanda müasir dövlət quruculuğu prosesi 1993-cü ildən sonra başlandı.

Ulu öndər Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. O, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısının bariz nümunəsi idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi. Onu da qeyd etmək lazımdır ki, gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. Gənclər günü Azərbaycanda qeyd olunduqdan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada isə yalnız 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

Ulu öndərin gəncliyə və gənclərə etimadı hal-hazırda öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində geniş işlər görür. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “ Gənclər ili ” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm veilməsinin növbəti sübutudur. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin təcəssümüdür. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “ 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı ” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. Hal-hazırda bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Gəncliyin inkişafında növbəti mərhələ kimi 2011-ci ildə dövlət başçısının sərəncamı ilə “ Azərbaycan gəncliyi 2011-2015-ci illərdə ” Dövlət Proqramı təsdiq olunmasını, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmasını qeyd etmək olar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi dövlətmizin gənclərin həmrəyliyinə göstərilən diqqətin xüsusi ifadəsi kimi öz əksini tapdı.

Bununla yanaşı Bakının 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı, 2015-ci il Birinci Avropa Oyunları, 2016-cı il şahmat üzrə dünya çempionatı, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2019-cu il bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkədə bu sahədə aparılan dinamik işin təzahürü və həm də gənclər siyasətinin uğurlu davamıdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.

Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət isə öz növbəsində sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.