I. ÜMUMİ MÜDDƏALAR

1.1. «Azərbaycan Tələbə Gənclər Təşkilatları» İttifaqı (bundan sonra İttifaq adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, iştirakçılarının hüquq bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-kommersiya təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

1.2.İttifaq öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında keçirir.

1.3.İttifaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. İttifaqın müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitlər vardır.

1.4. İttifaqın yerləşdiyi ünvan: Bakı şəhəri, Mətbuat prospekti, məhəllə 504, ev 2, mənzil 17.

 

II. İTTİFAQIN FƏALİYYƏTİNİNİN PREDMETİ VƏ MƏQSƏDİ

2.1. İttifaqın məqsədi öz iştirakçılarının fəaliyyətlərini əlaqələndirmək, habelə ümumi mənafelərini təmsil və müdafiə etməkdən ibarətdir.

2.2. İttifaq məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir.

  • ● öz iştirakçılarının maraqlarının qorunması ilə bağlı müxtəlif təşkilatlarla əlaqələr qurur;
  • ● müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir;
  • ● məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır;
  • ● qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri həyata keçirir.

2.3. İttifaq Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.

 

III. İTTİFAQIN HÜQUQLARI

3.1. İttifaq aşağıdakı hüquqlara malikdir:

  • ● qanunvericiliklə müəyyən olunmuş qaydada əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək;
  • ● Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
  • ● banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
  • ● məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək;
  • ● Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

 

IV. İTTİFAQIN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

4.1. İttıfaqın təsisçilərinin (iştirakçılarının) ona verdikləri əmlak-İttifaqın mülkiyyətidir. Bu əmlakın İttifaq, onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. Ittifaqın mülkiyyətində qanunvericiliklə qadağan olunmamış əmlaklar ola bilər.

4.2. İttifaq öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgələşdirilə bilər.

4.3. İttifaq Azərbaycan Respublikasının qanunvericiliyinə müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.4. İttifaqın hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

4.5. İttifaq siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.

4.6. İttifaq qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və s. hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

 

V. İTTİFAQIN İŞTİRAKÇILARI

5.1. İttifaqın iştirakları qeyri – kommersiya hüquqi şəxsləri (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ola bilər. İttifaqın iştirakçıları özlərinin müstəqilliyini və hüquqi şəxs hüquqlarını saxlayırlar.

5.2. İttifaq iştirakçıları İttifaqın xidmətlərindən əvəzsiz istifadə etmək hüququna malikdirlər.

5.3. Bu öhdəlik iştirakçılar tərəfindən pozulduqda onlara xəbərdarlıq edilərək, İdarə Heyəti tərəfindən haqqın ödənilməsi üçün vaxt müəyyən edilir. Həmin vaxt ərzində haqq iştirakçı tərəfindən ödənilmədikdə iştirakçı Ümümi Yığıncağın qərarı ilə iştirakçılarıqdan çıxarılır.

5.4. Gələcəkdə iştirakçıların verdikləri haqqın miqdarının artırılması və ya azadılması həmçinin, haqqın tərkibinin və verilmə qaydasının dəyişməsi İttifaqın Ümumi Yığıncağının qərarı ilə həyata keçirilir.

5.5. Maliyyə ilinin sonunda hər bir iştirakçı İttifaqdan çıxa bilər. Bu halda o, çıxdığı gündən bir il ərzində İttifaqın öhdəlikləri üçün öz haqqına mütənasib subsidiar məsuliyyət daşıyır.

5.6. Ümumi Yığıncağın qərarı ilə İttifaqa yeni iştirakçı daxil ola bilər. İttifaqa daxil olmuş yeni iştirakçı İttifaqa daxil olana qədər əmələ gəlmiş öhdəlikləri üçün öz haqqına mütənasib subsidiar məsulliyyət daşıyır.

5.7. İştirakçılar barədə hüquqlara malikdirlər. İştirakçıların qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

5.8. İttifaqa yeni iştirakçının qəbulu İttifaqın ümumi yığıncağı tərəfindən aparılır.

5.9. İttifaqın iştirakçısı İttifaqdan könüllü olaraq çıxdıqda Ümumi Yığıncağa ərizə ilə müraciət etməlidir.

İştirakçılıqdan çıxarılma qanunvericilikdə və bu nizamnamədə nəzərdə tutulmuş hallarda Ümumi Yığıncağın qərarı ilə həyata keçirilə bilər.Səsvermə nəticəsində Ümumi Yığıncağın iştirakçılarının yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, iştirakçı İttifaqdan çıxmış hesab edilir.

İttifaqın iştirakçısı ittifaqın maliyyə ili başa çatdıqda sonra İttifaqdan çıxa bilər. Bu halda o, çıxdığı gündən bir il ərzində İttifaqın öhdəlikləri üçün öz haqqına mütənasib subsidiar məsuliyyət daşımır. İttifaqın iştirakçıları onun öhdəlikləri üçün nizamnamədə nəzərdə tutulan miqdarda və qaydada subsidiar məsuliyyət daşıyır.

 

VI. İTTİFAQIN TƏŞKİLATI STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI

6.1. İttifaqın ali idarəetmə orqanı onun iştirakçılarının Ümumi Yığıncağıdır. Ümumi Yığıncaq ildə bir dəfədən az olmayaraq çağırılır.

6.2. Növbədənkənar Ümumi Yığıncaq İttifaqın iştirakçılarından birinin və ya İdarə Heyətinin təşəbbüsü ilə çağırılır.

6.3. İttifaqın iştirakçılarına Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılara aiddir:

  • ● ittifaqın nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
  • ● ittifaqın icra orqanlıarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam edilməsi;
  • ● təşkilatlar üzrə ödəniləcək haqqın miqdarının və formasının dəyişdirilməsi;
  • ● ittifaqın daxili fəaliyyətini tənzimləyən qaydaların və digər sənədlərin təsdiq edilməsi;
  • ● idarə heyətinin üzvlərinin sayının müəyyən edilməsi;
  • ● ittifaqın ləğvi haqqında qərarın qəbul edilməsi;
  • ● ləğvetmə komissiyasının təyin edilməsi;
  • ● ittifaqın əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
  • ● illik hesabatın təsdiq edilməsi;
  • ● başqa təşkilatlarda iştirak;
  • ● ittifaqın icra orqanın rəhbərlərinin hesabatının dinlənilməsi.

6.5. Ümumi Yığıncaq yalnız İttifaqın iştirakçılarının yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

6.6. İttifaqın ləğvi və yenidən təşkili, habelə nizamnaməyə dəyişikliklər edilməsi barədə qərarlar iştirakçıların yekdil qərarı ilə, qalan məsələlər üzrə qərarlar isə 2/3 səs çoxluğu ilə qəbul olunur.

6.7. İttifaqın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

6.8. İcra orqanı İttifaqın Prezidentindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.

6.9. İdarə heyəti Kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

  • ● təkliflər və layihələr irəli sürülür;
  • ● ümumi Yığıncağın işini təşkil edir;
  • ● iştirakçılara haqqın ödənilməsi ilə bağlı xəbərdarlıq edir;
  • ● ittifaqın filiallarını yaradır və nümayəndəliklərini açır;
  • ● ittifaqın başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.

6.10. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.

6.11. İdarə Heyətinin üzvləri iştirakçılarının təklif etdikləri namizədlərdən Ümumi Yığıncaq tərəfindən 2 (iki) il müddətinə seçilir.

6.12. İttifaqın Prezidenti:

  • ● İttifaqı təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
  • ● Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun qoyulan digər funksiyaları həyata keçirir.

6.13. İttifaqın Nəzarət-təftiş komissiyası İttifaqın vəzifəli şəxslərin və iştirakçıların fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə İttifaqın maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir.NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir.

6.14. NTK İttifaqın orqanlarından və iştirakçılardan daxil olan müraciətlərə bir ay müddətində cavab verməlidir.

 

VII. İTTİFAQIN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. İttifaqın fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. İttifaqın fəaliyyətinə xitam verilməsi mövcud qanunvericikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2. İttifaqın fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan İttifaqın idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. İttifaqın ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. İttifaqın ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

 

VIII. DİGƏR ŞƏRTLƏR

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiklə tənzimlənir.

8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

8.3. İttifaqin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvarda başlayır və dekabr ayının 31-dək dövrü əhatə edir.