İsmayilov Şahin Əmir oğlu 1986-cı il fevralın 7-də anadan olub. 1993-cü ildə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Cavanşir Rəhimov adına 146 saylı orta məktəbdə ibtidai təhsilə başlayıb. Daha sonra təhsilini Nizami rayonu 70 saylı pilot məktəb-liseyi və Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 84 saylı orta məktəbdə davam etdirib. İctimai fəaliyyətə orta məktəbin yuxarı sinif şagirdi olarkən başlayıb. 2002-2004-cü illərdə 84 saylı orta məktəbin Şagird Komitəsinin sədri kimi çalışıb. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin (ADU) Fransaşünaslıq ixtisası üzrə bakalavr pilləsinə qəbul olub. Universitetdə təhsil almağa başladığı vaxtdan bugünədək fəal ictimai fəaliyyətlə məşğuldur. Belə ki, Prezident Aparatının rəhbəri akademik Ramiz Mehdiyevin sərəncamı əsasında 2005-ci ilin may ayından ali və orta ixtisas təhsili müəssisələrində formalaşdırılmağa başlanan Tələbə Gənclər Təşkilatının (TGT) Azərbaycan Dillər Universitetində ilk fəal üzvlərindən olub. 2006-2009-cu illərdə İslam Konfransı Təşkilatının Xarici  İşlər Nazirlərinin Bakı Konfransı, Azərbaycan Respublikasının Prezident seçkiləri, Güləş üzrə dünya çempionatında tərcüməçi, Gənclərin IV Məşğulluq Sammiti, Qılıncoynatma və Boks üzrə gənclər və yeniyetmələr arasında keçirilən dünya çempionatlarında təşkilat komitəsinin üzvü kimi çıxış edib. “Liderlik və təşkilati quruculuq”, “İctimaiyyətlə əlaqələr”, “Lobbiçilik”, “Düzgün strategiyanın qurulması”, “Komanda işinin təşkili” mövzularında təlim kurslarında dinləyici, “Liderlik və təşkilati quruculuq” mövzusunda təlimçi kimi fəaliyyət göstərib.

2006-cı ildən ictimai fəaliyyətlə yanaşı siyasi fəaliyyətə də qoşulub. Həmin il universitetin rektoru, AŞPA-nın vitse prezidenti, millət vəkili Səməd Seyidovun təklifi ilə Yeni Azərbaycan Partiyası(YAP) Nəsimi Rayon Təşkilatının nəzdində olan ADU İlk Ərazi Təşkilatının sədr müavini seçilib. 2011-ci ilədək həmin vəzifəni icra edib. Bu vəzifə ilə yanaşı YAP Gənclər Birliyinin icraedici heyəti sıralarında da çalışıb. 2006-2008-ci illərdə həmin qurumun beynəlxlaq təşkilatlarla iş üzrə koordinatoru vəzifəsini tutub.

İctimai-siyasi fəallığı, təhsil göstəriciləri nəzərə alınaraq 2008-ci ildə ADU Tələbə Gənclər Təşkilatının sədrliyinə namizədliyi irəli sürülüb. Həmin il Tələbə Gənclər Təşkilatının İdarəetmə Şurasına üzv və həmin Şuranın üzvlərinin yekdil qərarı ilə TGT İdarəetmə Şurasının və təşkilatın sədri seçilib. 2009-cu ildə Fransaşünaslıq ixtisası üzrə magistratura pilləsinə qəbul olub və magistraturanın  birinci kursunda təhsil aldığı vaxt TGT-nin növbəti dəfə keçirilən Hesabat-Seçki Konfransında yenidən təşkilatın sədri seçilib və 2012-ci ilin sonunadək bu vəzifədə çalışıb. Həmin il bir sıra TGT-lərlə birlikdə Tələbə Gənclər Təşkilatlarının vahid platformasının və şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib, TGT-lərin ittifaqı – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təsis olunması üzrə yaradılan Təşkilat Komitəsinin sədri seçilib. 20 noyabr 2009-cu il tarixində Bakı şəhərində 39 TGT-nin birgə iştirakı ilə keçirilən təsis qurultayında ATGTİ-nin sədri seçilib. 2 iyun 2012-ci il tarixində Gülüstan sarayında 88 TGT-nin 600 nümayəndəsinin iştirakı ilə keçirilən Hesabat-Seçki Qurultayında 5 namizəd arasından səslərin böyük əksəriyyətini toplayaraq ikinci dəfə İttifaqın sədri seçilib.

21 aprel 2011-ci il tarixində bir qrup gənclə birlikdə Prezident İlham Əliyevin qəbulunda olub, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması və fəallığının artırılması istiqamətində cənab prezident qarşısında bir sıra təkliflərlə çıxış edib.  Həmin ilin aprel-iyun aylarında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərliyi altında formalaşdırılmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının hazırlanması üzrə işçi qrupun üzvü olub. Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, 4 aprel 2013-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü seçilib və hal-hazırda üzvlük fəaliyyəti davam etməkdədir.

2011-ci ildə Bakı Şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən İlin ən yaxşı layihəsini hazırlayıb təqdim etdiyinə görə “Yaxşıların yaxşısı”,  2012-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən ictimai fəal gənci” nominasiyası üzrə mükafatlara, 2014-cü ilin 1 fevral tarixində isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Gənclər üçün Prezident Mükafatı”na  layiq görülüb.

Bakalavr və magistr pillələri üzrə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə ADU-nun sosial psixologiya üzrə fəlsəfə doktoru proqramına qəbul olub.

Xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq layihələrin iştirakçısı olub:

- 29 oktyabr-3 noyabr 2008-ci il tarixlərində Ukraynanın Odessa şəhərində keçirilən Şərqi və Avropa Gənclərinin Beynəlxalq Forumu;

- 20-24 mart 2009-cu il tarixlərində Türkiyə Republikasının hakim partiyası – Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyinin dəvəti ilə Türkiyədə keçirilin bələdiyyə seçkilərinə hazırlıq işləri ilə tanışlıq görüşü;

- 23-29 may 2009-cu il tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində YAP və ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun təşəbbüsü ilə keçirilən təcrübə mübadiləsi;

- 21-29 iyul 2009-cu il tarixlərində Koreya Respublikasının Seul və Qvaçeon şəhərlərində həmin ölkənin gəncləri ilə reallaşdırılan beynəlxalq ikitərəfli gənclər mübadiləsi proqramı;

- 21-30 mart 2010-cu il tarixlərində Belçikanın paytaxtı Brüsseldə keçirilən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) konfransı;

- 21-23 may 2010-cu il tarixlərində AMOR-un Moskva şəhərində keçirilən konfransı;

- 21-26 iyul 2010-cu il tarixlərində YAP Gənclər Birliyi vasitəsilə Gürcüstan Respublikasında keçirilən Gənc Liderlərin Beynəlxalq Forumu;

- 8-10 oktyabr 2010-cu il tarixlərində Belçikanın Brüssel və Löven şəhərlərində keçirilən Avropa Tələbələr Birliyinin İdarə Heyətinin iclası;

- 26-29 noyabr 2010-cu il tarixlərində Dünya Azərbaycanlı Gənclərinin Frankfurt Görüşü;11-12 mart 2011-ci il tarixlərində Fransanın Strazburq şəhərində keçirilən  “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” İctmai Birliyinin (ASAİF) “Azərbaycan 20 – Baxış 2020″ layihəsi;

- 9-10 aprel 2011-ci il tarixlərində Almaniyanın Manheym şəhərində keçirilən Azərbaycanlı gənc təbiblərin “Mükəmməl təbabətə doğru” forumu;5-8 aprel 2012-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilən ASAİF-in “Mən gənc səfirəm” adlı forumu;

- 28-30 mart 2013-cü il tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində keçirilən ASAİF-in forumu;

- 19-22 noyabr 2013-cü il tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən II Beynəlxalq Qırğızıstan-Azərbaycan Gənclər Forumu;

- 17-20 fevral 2015-ci il tarixlərində Fransanın paytaxtı Paris şəhərində senatda  keçirilən “Azərbaycan həqiqətləri” adlı Xocalı haqqında dinləmələrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və digər cinayətlər mövzusunda Fransa senatında  çıxış.

İngilis, fransız, rus və alman dillərini bilir.

Ailəlidir. İki övladı var.